Şəhid anası: "Teymur elə bil orada onların komandiri yox, valideyni idi"
Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Teymur Tehran oğlu Məcidzadənin əziz xatirəsinə həsr olunur.
Şəhidin anası Yasəmən Camalovanın sözlərinə görə, oğlunun şəhadətindən əvvəl çəkilən son fotosu məhz şəhid olduğu yerdə - İsa bulağında lentə alınıb.
Həmsöhbətimiz deyir ki, Şuşa azad ediləndə hələ Laçın, Kəlbəcər, Xankəndi, Xocalı və digər ərazilər işğaldan azad olunmamışdı. Buna görə də Şuşaya gələn təminat yollarının qarşısını kəsmək üçün qüvvələr Şuşa-Laçın yolu istiqamətinə yönləndirilmişdi. Şəhid anasının sözlərinə görə, İsa bulağı adlanan dağın zirvəsindəki ən hündür nöqtədə bu gün Teymur Məcidzadənin abidəsi ucaldılıb.
“Oraya qalxanda səngər kimi mövqelər görünür, əsgərlər özlərinə orada müdafiə mövqeləri qurmuşdular. Elə Teymurun şəhid olduğu həmin zirvədə də onun mərmərdən hazırlanmış abidəsi qoyulub. Noyabrın 9-u səhər, təxminən saat 11-in yarısı radələrində həmin ərazidə vəziyyət çox ağır idi. O vaxt bunu bilmirdik, amma həm Laçın istiqamətindən, həm də Xankəndi tərəfdən atəş açılırdı. Hər tərəfdən atəş altında qalmışdılar. Elə orada da çox sayda hərbçimiz şəhid olmuşdu… Teymur həmin bölüyün komandiri idi. Onunla birlikdə gizir Heydər Qənbərzadə, Tacəddin Əzizli və başqa döyüş yoldaşları da vardı. İndi hamısının adını dəqiq xatırlamasam da, onlar da şəhid olmuşdular. Teymur isə ağır yaralanmışdı. Təxminən yarım saat yaralı vəziyyətdə qalmışdı. Həmin gün onu döyüş meydanından çıxarmışdılar. Axşam artıq nəşini Bakıya gətirdilər və İkinci Fəxri xiyabanda dəfn olundu”.
Yasəmən Camalova xatırladır ki, müharibə başlamazdan əvvəl Teymur Təlim-Tədris Mərkəzinə italyan dili kursuna göndərilib:
“Həmin vaxt məzuniyyətdə idi. Müharibə başlayanda, sentyabrın 26-da məzuniyyətdən geri çağırıldı. Sentyabrın 27-si səhər saat 7-dən etibarən artıq Füzuli istiqamətində cəbhəyə yollandılar. Müharibənin ilk günündən son gününə qədər döyüşlərdə iştirak etdi. Sentyabrın 27-də Füzuli rayonunda uzanmış vəziyyətdə çəkdirdiyi ilk şəkli var. Həmin şəkli bizə göndərərək demişdi ki, bu, onun müharibədən ilk şəklidir. Müharibə boyu imkan olduqca gizlicə tez-tez zəng edirdi. Bilirdi ki, biz çox narahatıq. Atası da xəstə idi, vəziyyətimizi yaxşı anlayırdı. Mən hər dəfə deyirdim ki, “Teymur, nə edirsən et, bizi yaddan çıxarma. Bizi nəzərə al. Anan da xəstədir, atan da. Biz sənə bağlıyıq”.
Teymur çox diqqətli insan idi. Həmişə elə bilirdim ki, onun boynunun arxasında da gözü var. Hər şeyə son dərəcə diqqətlə yanaşardı. Ehtiyatlı idi. Heç vaxt ehtiyatsızlıq edib yıxılan, riskə gedən uşaq olmayıb. Hərbdə də eynilə elə idi. Döyüş yoldaşları deyirdilər ki, o qədər ağır döyüşlərdən sağ çıxmışdılar ki, sanki son günə qədər hər şeydən salamat keçmişdilər. Amma elə axırıncı gün, o insafsız axırıncı gün …"
Şəhid anasının sözlərinə görə, Teymur döyüş yoldaşlarına tez-tez bir fikri xatırladarmış:
“Bəzən uşaqlar “Vətənə canımız qurbandır, Vətən yolunda ölməyə hazırıq” deyirdilər. Teymur isə onlara qəti şəkildə etiraz edərdi: “Bu sözü axırıncı səfər olsun, bir də dilinizə gətirməyin. Vətən üçün ölməyə yox, Vətəni qorumağa gedirik. Düşməni məhv etməyə gedirik, ölməyə yox!”. Kiminsə ailəsi, övladları olduğunu daim xatırladardı. Məsələn, üç qızı olan bir əsgərə deyirdi: “Özünü kor-koranə güllənin qabağına vermə. Sənin arxanda üç qızın var. Düşünülmüş addım at. Lazım olan anda hərəkət et”.
Bütün əsgərlərinə belə qayğı göstərərmiş...”
Yasəmən Camalova bildirir ki, oğlunun əsgərləri də onun qayğıkeş komandir olduğunu həmişə xüsusi vurğulayırlar: "…hətta Teymurun əsgərləri danışırdılar ki, heç vaxt imkan verməzdi corabları dəyişilməmiş qalsın. Əsgərlər deyirdilər ki, ayaqlarındakı corablar ağac kimi bərkiyirmiş. Teymur isə onları məcbur edirmiş ki, mütləq dəyişsinlər, özlərinə diqqət, qulluq etsinlər. Teymur elə bil orada onların komandiri yox, bir ailəsi, bir doğması, valideyni idi…
...ürəyində nasazlığı olan Əhliman adlı bir əsgər yoldaşı danışırdı ki, Xocavənddən Şuşaya gedən yolda, Daşaltı dərəsi istiqamətində artıq taqəti qalmamışdı. Hətta o qədər ağır bir vəziyyət imiş ki, oturub ağlamağa başlayıb: “Mən getmirəm. Mən ölmək istəyirəm. Şəhid olmaq istəyirəm. Gücüm yoxdur”, - deyə Əhliman deyib. Teymur bunu görəndə geri qayıdıb onu çiyninə alıb və təxminən 200 metr çiynində aparıb. Sonra yerə endirib soruşub: “İndi necə yeriyə biləcəksən?” Əsgər “hə” cavabını verib. Sonralar Əhliman deyirdi ki, komandirin bu hərəkətindən sonra artıq geri qalmağa mənəvi haqqı qalmayıbmış”, - deyə şəhid anası söyləyib.
Həmsöhbətimizin sözlərinə görə, bu hadisə təkcə döyüş yoldaşlarının xatirəsi deyil, rəsmi sənədlərdə də öz əksini tapıb. “Teymurun şəxsi işində bununla bağlı qeyd var. Bir dəfə bölük mühasirəyə düşmüşdü. Xəritədən istifadə edərək onları mühasirədən məhz Teymur çıxarıb. Bu, sadəcə ağızdan-ağıza deyilən söhbət deyil, Kadrlar İdarəsində onun şəxsi işində də rəsmi şəkildə qeyd olunub”.
Şəhid anası oğlu Teymurla son telefon danışıqlarından da bəhs edib:
“Axırıncı dəfə sentyabrın 29-da Teymurla danışdıq. Dedi: “Ana, biz kolonla yola çıxırıq”. Sentyabrın 30-u səhər saat 7 radələrində Xocavənddən zəng etdi: “Ana, biz Xocavənddəyik”. Mən çox narahat oldum. Soruşdum ki, “Teymur, bəs sizi əvəz etməli deyildilər?” Çünki hər gün onları daha ön xəttə göndərirdilər. Dedi ki, “Yox, ana. Əmr gəlib. Biz irəli getməliyik”. Xocavəndi çox tərifləyirdi. Deyirdi ki, “Ana, Xocavənd olduqca gözəl bir yerdir”. Elə hey deyərdi ki, “Sovet dövründə buranı görməmisiniz?! O qədər gözəl yerdir ki, Azərbaycanın başqa heç bir yerinə bənzəmir. Bu otuz ildə gör bizi necə gözəl yerlərdən məhrum ediblər…”
Teymurla ən son danışığımızda isə bu sözləri mənə dedi:
“Ola bilər telefon tutmasın. Amma imkan düşən kimi sizə xəbər göndərəcəyəm”.
…oradan artıq Şuşa istiqamətinə yollandılar və bütün əməliyyatlarda iştirak etdilər”.
Yasəmən Camalovanın sözlərinə görə, telefon əlaqəsi olmadıqda Teymur ratsiya vasitəsilə atasının nömrəsini aşağı bölmələrə veribmiş ki, ailəsinə zəng edib “Narahat olmayın, yaxşıyam” desinlər.
“Beləcə, təxminən on gün ərzində Teymurdan yalnız bu yolla xəbər ala bildik. Daha sonra artıq nə onunla danışa bildik, nə də səsini eşitdik. Döyüş yoldaşları sonradan danışırdılar ki, elə bil düşmən onları gözləyirmiş. Kəndə daxil olan kimi minaatanlardan, toplardan və başqa silahlardan, elə bil “dolu” kimi atəş açıldı. Hamı pərən-pərən düşmüşdü. Harada gizlənəcəklərini, atəşin haradan açıldığını müəyyən edə bilmirdilər. Onlar deyirdilər ki, Teymurgil şəhid olandan dərhal sonra qəribə şəkildə atəş kəsildi. Hər şey sakitləşdi. Elə həmin gecə də müharibənin dayandığı elan olundu…”
Məcidzadə Teymur Tehran oğlu 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Səkkiz aylıq olarkən ailəsi ilə birlikdə məcburi köçkün düşüb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmət keçib, daha sonra Ali Hərbi Məktəbdə təhsil alaraq leytenant rütbəsində tağım komandiri kimi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-dən Vətən müharibəsində iştirak edib, Füzulidən Şuşayadək döyüş yolu keçib. Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub və noyabrın 9-da II Fəxri xiyabanda dəfn edilib. Ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.



