İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin dayanıqlı məskunlaşması və sosial rifahının təmin edilməsi üçün aparılan işlərin bir istiqaməti də onların məşğulluğunun təminatına yönəlib.
Qaziler.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə Nazirlikdə keçirilən növbəti görüşdə bildirib.
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirildiyi, doğma yurdlarına qayıdan insanların iş yerləri ilə təminatı məqsədilə onlarla sosial tərəfdaşlıq müstəvisində birgə işlərin aparıldığı qeyd edilib.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak edib.
Azad edilmiş bölgələrə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərin nəticələri və bu istiqamətdə həyata keçiriləcək birgə tədbirlər müzakirə olunub. İşəgötürənlərə ixtisaslı mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi ilə bağlı onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə məlumat verilib.



