Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günüdür.
Qaziler.az bildirir ki, Milli Qəhrəmanın anım günü ilə bağlı Ağdamda böyük dövlət tədbiri keçiriləcək.
Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.Beş qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır. Atası Qubadlıdan, anası isə Şuşadandır.
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən olub. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı.
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" — "Cəbrayıl" oyununda, "Ağdam" klubunun kapitanı olmuşdur.1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rolu olub.
1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak edib. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qolunu Allahverdi Bağırov vurub.
1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb.
1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub.
Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.
1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda da torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub.
Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü il fevralın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb.
QAZİLER.AZ




