Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı Aqil Məlikovun doğum günüdür.
Modern.az xatırladır ki, Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. 1993–2004-cü illərdə doğma kəndində orta təhsil alıb, daha sonra 2005–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirərək peşəkar hərbçi kimi yetişib.
Aqil Məlikov hərbi xidmətə başladığı ilk illərdən məsuliyyətli və cəsarətli zabit kimi seçilib. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində kapitan Aqil Məlikov ön cəbhədə yer alıb. O, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək düşmənə qarşı mübarizədə böyük şücaət göstərib. Elə müharibənin ilk günündə – sentyabrın 27-də qəhrəmancasına şəhid olub.
Şəhid zabit Quba rayonunda torpağa tapşırılıb.
Aqil Məlikov ailəli idi. Ondan Süleyman adlı oğlu, Xədicə adlı qızı yadigar qalıb.
Göstərdiyi igidliyə görə o, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!



