Dekabrın 13-ü Azərbaycanın qeyrətli oğullarından biri, tanınmış Qarabağ qazisi mərhum Oruc Məmmədalıyevin doğum gündür.
O.Məmmədalıyev 1969-cu il dekabrın 13-də Cəbrayıl rayonunun Şahvəlli kəndində doğulub. 1991-1993-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı vuruşub. 1993-cü ildə Tuğ kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. İkinci qrup Qarabağ əlili, Qarabağ Əlillər Cəmiyyətinin Cəbrayıl rayon şöbəsinin sədri idi.Cəsur döyüşçü Qarabağ Əlillər Cəmiyyətinin 2001-ci ilin yanvar-fevral aylarında təşkil etdiyi ümumrespublika aclıq aksiyasının ən fəal iştirakçılardan olub. Həmin aksiyaya görə 2001-ci ilin fevralında digər döyüşçü qardaşları ilə birgə həbs edilib və siyasi sifariş əsasında məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Bir müddət sonra o vaxtkı dövlət başçısı Heydər Əliyevin fərmanı ilə əfv edilib.
O.Məmmədalıyev həbsdən çıxandan sonra da demokratik mübarizənin ön cərgələrində dayanırdı. 2003-cü ilin prezident seçkilərindən sonra öyrədilmiş şəxslərin AXCP qərargahı qarşısında keçirmək istədiyi “aksiya” zamanı ANS-in kamerasının sındırmaqda ittiham (məhkəmədə də sübuta yetirilmədi bu ittiham) edilərək əsassız şəkildə həbs olundu və 4 ay Bayıl təcridxanasında saxlanıldı. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmadı. Amma buna baxmayaraq, məhkəmə qərarı ilə o, etmədiyi cinayətə görə 14 milyon manat vəsait ödədi. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan təzyiqi xəstəliyinə düçar olmuşdu.
O.Məmmədalıyev 2006-cı il 17 may tarixində yüksək qan təzyiqi ilə Topçubaşov adına Eksperimental Xəstəxanaya gətirilərək kəskin qan laxtalanmasından əməliyyat olunmuşdu. Əməliyyatdan sonra səhhəti normallaşsa da, həmin gün axşamçağı vəziyyəti qəfildən pisləşmişdi. Həkimlər yenidən əməliyyat aparmalı olmuşdular. Əməliyyat vaxtı elektrik enerjisi kəsildiyindən, həkimlər prosesi şam işığında davam etdirmişdilər. Ancaq bu əməliyyatdan sonra Oruc özünə gəlməmişdi. Həmin gün saat 20:30 radələrində O. Məmmədalıyev dünyasını dəyişib. O, mayın 18-də Beyləqan rayonunda - atasının, bacısının və digər qohumlarının uyuduğu qəbiristanlıqda torpağa tapşırıldı.
Ailəli idi. Bu vətən üçün iki yadigarı qalıb - bir oğlu, bir qızı.
Allah rəhmət eləsin!