Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən Qaziler.az saytına verilən xəbərə görə, Macarıstandan olan çəkiliş qrupu Bakıya səfər edib. Onlar Qarabağ münaqişəsi haqqında filmin çəkilişini həyata keçirəcəklər. Xocalı soyqırımı növbəti ildönümü münasibəti ilə keçirilən tədbirlərə qatılan xarici qonaqlar ilk olaraq BAMF-ın ofisində Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla görüşüblər. Görüşdə bu soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə diqqət çəkilib.
BAMF sədri Umud Rəhimoğlu xüsusi vurğulayıb ki, rəsmi Bakının Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində respublikamızın mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər öz nəticəsini verməkdədir.Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Buna misal olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, dünyanın müxtəlif ölkələrində gənclərimizin keçirdiyi aksiyalar, aparıcı təşkilatlara, beynəlxalq qurumlara Xocalı müsibətini əks etdirən məlumatların göndərilməsi təqdir olunmalıdır. Ümumiyyətlə, Azərbaycan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmağa və hətta bir sıra ölkələrin parlamentlərində müvafiq hüquqi sənədlərin qəbuluna nail olub.
Görüşdən sonra Şəhidlər Xiyabanı və amansızcasına qətlə yetirilən Xocalı sakinlərinin məzarları ziyarət olunub.