Laçın şəhərinə infotur təşkil edilib - VİDEO

Laçın şəhərinə infotur təşkil edilib - VİDEO backend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub.

Qaziler.az xəbər verir ki, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlir gətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar Xocalı, Şuşa və Laçın şəhərləri ilə tanış olub, aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları əvvəlcə Əsgəran qalasına, Xocalı şəhərinə , Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər ağa məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Həmçinin, Şuşa şəhərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Laçın rayonunda 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanışlıq səfər iştirakçılarında xoş təəssürat yaradıb. Pavilyonda nadir dekorasiyalar - təyyarə, helikopter maketləri, həbsxana kamerası, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb.

Laçın rayonunda yaradılmış mebel fabriki və heyvandarlıq təsərrüfatı ilə yaxından tanışlıq zamanı bildirilib ki, buradakı iş yerlərində çalışlanların əksəriyyəti Laçın rayon sakinləridir. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə infoturların keçirilməsi davam etdiriləcək.