Xankəndinin Kərkicahan qəsəbəsinə ilk qayıdış olub - FOTO

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk qayıdış olub - FOTO backend

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutub. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıdıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi Qaziler.az-a xəbər verir ki, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb. Bir vaxtlar zorla tərk edilən evlərin qapıları, bu gün yenidən doğma insanların üzünə açılıb.

Bu gün Azərbaycan tarixində qürurverici bir günə şahidlik etdik. Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi  öz sakinlərini qarşıladı. Bu torpaq yenidən öz sahiblərinə qovuşdu. Bu gün burda təkcə köçün deyil, ədalətin, qayıdışın və yeni həyatın açılışını etdik. Bu möhtəşəm gün Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq həsrətinə son qoymuş, torpaq uğrunda canından keçmiş  şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin  şagirdlərinin ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər sədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.  

Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E. Yusubov, bu əlamətdar tarix münasibəti ilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. E. Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün  hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub. Sakinlər də sevinclərini bölüşüb, bu xoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.

ANAMA mütəxəssisləri də sakinlərlə  maarifləndirici söhbətlər aparıb, şübhəli əşyalar gördükdə uzaq durmalarını tövsiyyə ediblər.

Xatırladaq ki,  Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlıların kompakt yaşadığı nadir yaşayış məntəqələrindən biri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə  Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından  sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.