Xocalıda "Haradasınız 13-lər?" kitabının təqdimatı olub - FOTO 

Xocalıda "Haradasınız 13-lər?" kitabının təqdimatı olub - FOTO  backend

Noyabrın 18-də Xocalının  Əsgəran qəsəbəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Haradasınız 13-lər?”  kitabının təqdimatı olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xdmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhid ailələri və müharibə veteranları  qarşısında çıxış edən müəllif, jurnalist Səriyyə Müslümqızı bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələri və sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gənc oğlanın acı həyat hekayəsindən və hələ də məlum olmayan talelərindən bəhs edir. O qanlı gecədə 13 gəncin arasında evin yeganə övladı da olub, bir evin 3 oğlu da. 

Qeyd edilib ki, Xocalıda itkin düşən 13 nəfərdən 5-nin nəşi  bu yaxınlarda tapılaraq dəfn edilib, digərlərinin taleyi isə bugünədək məlum deyil. Müəllif kitabda bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 13-lərin doğmaları, şahidlər də çıxışlarında o ağrılı günləri xatırladılar.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına dərc olunub. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda müəllif dünyanı ədalət məhkəməsində doğru qərar verməyə çağırır. Tədbir iştirakçıları da kitabın Xocalı həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.