Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkünlərə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün əkinə yararlı torpaq sahələri ayrılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, kənd sakinlərinin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maarifləndirici təlimlər təşkil edilib. Təlimlər zamanı iştirakçılara səmərəli təsərrüfatçılıqla bağlı vacib tövsiyələr verilib. Təlimlərdə fərqlənən sakinlərə sertifikatlar da təqdim olunub.
Xocalı rayonunun Ballıca kəndi üzrə “Torpaqların icarəsi” layihəsinə ümumilikdə 117 nəfər vətəndaş müraciət edib. Hazırda qeydiyyat prosesi tamamlanıb. Onlardan 155-i imtahan mərhələsini uğurla keçib, 104 nəfər isə artıq sertifikatla təmin olunub. Bugünkü tədbirdə əlavə olaraq 51 nəfərə sertifikat təqdim edilib.Bununla yanaşı, kənddə 78 nəfəri əhatə edən 8 kooperativ və 4 ailə kəndli fermer təsərrüfatı yaradılıb. Yaxın günlərdə bu təsərrüfatlarla rəsmi müqavilələrin bağlanması planlaşdırılır. Xocalının Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Torpaq sahələrinin mərhələli şəkildə, hər ailəyə 5 hektar olmaqla istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və kənd sakinləri iştirak ediblər.








