Gənclər Qərbi Azərbaycanın təbliğində, o regionun həqiqətlərini, tarixini və mədəniyyətini beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdırlar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, bunu Xankəndidə "Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan İcması (QAİ) Müşahidə Şurasının sədri Misir Mərdanov deyib.
O, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş paneldə azərbaycanlıların öz tarixi-etnik torpaqlarından deportasiya edildiyini, soyqırımına məruz qaldığını da xatırladıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, QAİ-nin fəxri üzvü Əmir Əli Sərdari İrəvani də çıxış edib.
O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, şəhərin ən məşhur abidələrindən biri olan Sərdar sarayının İrəvan xanlarının iqamətgahı olduğu barədə panel iştirakçılarına məlumat verib.
Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb:
“Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın otuz illik işğalına son qoyuldu”.
Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlardan danışılıb, o bölgədə törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab təqdim olunub, foto-sərgi və film nümayiş etdirilib.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.









