Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür backend

Bu gün Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür. 2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində açılışı olan Qarabağ Regional DOST Mərkəzində 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhəri) sakinlərinə xidmət göstərir.

Qaziler.az xəbər verir ki, digər DOST mərkəzləri kimi, Qarabağ Regional DOST Mərkəzində də 161 növ sosial xidmət “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.

Son iki ildə bu Mərkəzdə 147 min vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 99,7 faiz təşkil edib.

80 nəfərdən ibarət işçi heyəti, 27 könüllünün çalışdığı Qarabağ Regional DOST Mərkəzi hər gün təqribən 650-700 vətəndaş qəbul edə bilir.

Dövlətimizin başçısının iştirakı ilə ötən ilin iyul ayında Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən həmin Mərkəzin tərkibində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı olub.

Qarabağ Regional DOST Mərkəzində 7 emalatxana, 8 sinif və təlimat otağı, Peşəyönümü və Karyera Mərkəzi və s. ibarət olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, habelə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsi də fəaliyyət göstərir.