Ballıcada 15 ailəyə mənzillərin açarları verilib - FOTO

Ballıcada 15 ailəyə mənzillərin açarları verilib - FOTO backend

Aprelin 29-da Respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Xocalının Ballıca kəndinə köçən 15 ailədən ibarət 68 nəfərə mənzillərin açarları təqdim olunub.

Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. "Biz Xocalını əvvəlkindən də gözəl, abad və firavan bir məkana çevirəcəyik", - deyən T. Kərimli Ballıcaya köç edən sakinlərə yeni evlərində xoşbəxt həyat arzulayıb.

Qeyd edək ki, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.

Diaspora