"Murovdağ 1994-cü ilin qış əməliyyatının sağ qalan qəhrəman döyüşçülərini dinlədikcə xalqımızla fəxr edirəm! Dünya hərb tarixinə qızıl, həm də qanlı hərflərlə düşən bir əməliyyat keçiriblər, mümkün olmayanı ediblər. Qarlı, şaxtalı havada insanın ağlına gəlməyəcək qəhrəmanlıq ediblər".
Qaziler.az bildirir ki, bu cümlələr "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğluya məxsusdur. Son zamanlar "Murovdağ məliyyatı" ilə bağlı mediada yayılan yanlış xəbərlərə Qarabağ qazisi şəxsi feysbuk səhifəsində daha bir məlumat paylaşıb. Həmin məlumatda o bir daha əməliyyatın 1993-cü ildə başladığını və itkilərin 1500 nəfər deyil, 250 nəfər olduğunu vurğulayıb:
"Ən sərt iqlim şəraiti olan Murovdağda həmin il tərslikdən daha şaxtalı olub. 31 dekabrda başlayan hücum, təxminən yanvarın ortalarında bütün hədəflər azad edilməklə başa çatıb. 800 nəfərə yaxın düşmən məhv edilib. Müdafiə nazirliyindən taborlarımıza müdafiə mövqeyində möhkənlənmək tapşırığı verilib. Bunu da uğurla icra ediblər. Amma fevralın 5-də əraziyə gələn Nəcməddin Sadıqov nazirliyin müdafiə olunmaq əmrini pozaraq hücum əmri verib. Hücuma keçən briqadanın təminatı isə yetərincə olmayıb vəə düşmən bu hücumu gözləyirmiş. Bir neçə günlük döyüşdən sonra qəhrəman döyüşçülərimiz mühasirəyə düşür. Qar uçqununa düşənlər də olur. Briqada 10-14 fevralda ağır itkilərlə mühasirəni yarıb çıxır. 250 nəfər şəhidimiz (141 nəfər yaralanır, qalanı isə donur) olur. 1337 nəfər donvurmadan müxtəlif xəsarətlər alır...Detalları dinlədikcə adamın qanı donur damarında...".
QAZİLER.AZ