Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən daha 20 ailə - 91 sakin olmaqla Cəbrayıl şəhərinə köçürülüb.
Bununla yanaşı, Bakı şəhərindən 11 ailə - 40 nəfər, Şirvan şəhərindən 2 ailə - 5 nəfər, Zaqatala rayonundan 1 ailə - 8 nəfər, Cəlilabad rayonundan 1 ailə - 6 nəfər, Şabran rayonundan 1 ailə - 5 nəfər, Mingəçevir şəhərindən 1 ailə - 4 nəfər, Hacıqabul rayonundan 1 ailə - 4 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 2 nəfər olmaqla 39 ailə - 165 nəfərin Cəbrayıl şəhərinə yola salınıb.
Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 326 ailə - 1 334 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.