Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhəri və Sus kəndinə infotur təşkil edib.
Qaziler.az xəbər verir ki, infotur Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.
İnfoturda biznes influenserləri iştirak ediblər. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.
İnfotur iştirakçıları Laçın şəhəri və Sus kəndində tikilən yaşayış evlərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, foto-video çəkilişlər aparıblar.
Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad olunmuş ərazilərə infoturlar davam etdiriləcək.