Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Qaziler.az xəbər verir ki, agentlik Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edib.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 253 vakansiya təqdim olunub.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Quliyev yarmarkada iştirak edən işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
İştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.
Qeyd edək ki, bu artıq Laçında təşkil olunan dördüncü əmək yarmarkasıdır.