Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
"Report" xəbər verir ki, “Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl dövlətimizin başçısına istehsal kompleksi haqqında məlumat verdi.
Bildirildi ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.
*****
13:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.