İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür. Bunun üçün vətəndaşlar "Yolumuz Qarabağa" portalı üzərindən icazə əldə etməlidirlər. Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər.
Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu" və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkündür.
Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Vətəndaşları maraqlandıran digər məsələ isə Xankəndi şəhərinə səfərlə bağlıdır.
Yəni Xankəndi şəhərinə getmək üçün hansı tələblər var? Xankəndi şəhərinə getmək üçün prosedur necədir?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib ki, Şuşaya səfər üçün icazə almaqla Xankəndi şəhərinə də getmək mümkündür:
"Xankəndi şəhəri üçün ayrıca icazə tələb olunmur. Təyinat nöqtəsini Şuşa seçməklə Xankəndi şəhərinə də səfər etmək olur. Eyni şərtlər burada da keçərlidir", -deyə qurumdan qeyd olunub.