Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində həyata keçirdikləri birgə silsilə tədbirlərdə iştirak edir.
Fevralın 21-dən 26-dək baş tutacaq tədbirlərə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə MŞ sədri Əflatun Amaşovla yanaşı Şuranın İdarə Heyətinin üzvü ATXƏM-in sədri İlham İsmayıl, həmçinin Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin da daxildir.Azərbaycan nümayəndə heyətinin üzvləri Brüsseldə Türk, Azərbaycan, Dogu Türküstan, Belçika Rumeli Türk Fedarasiyasının, eyni zamanda Azərbaycan və Türkiyə səfirliklərinin təmsilçiləri ilə görüşüblər. Görüşlərdə türk dünyası diaspor təşkilatlarının ortaq hədəflərinə dair müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycanın ümummilli məsələlərinin həlli və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyi önə çəkilib. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının birgə iş qurmalarının zəruriliyi qeyd olunub.