Azərbaycan Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi şəhidi mayor Elnur Quliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
QAZÌLER.AZ Trend-ə istinaden verdiyi məlumata görə, Nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Anım mərasimində mayor E.Quliyevə həsr olunan videoçarx nümayiş olunub.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.