Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı məlum olub.
"Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.
Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olub.
Xatırladaq ki, Ağdərə rayonu bu il ilk dəfə Milli Məclisdə təmsil olunacaq. Belə ki, 2024-cü il sentyabr ayının 1-nə təyin edilən parlament seçkisində Ağdərə əhalisi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində səs verəcək.