Cənubi Qafqazda geosiyasi təlatüm yaratmaq istəyənləri görmək üçün əlavə biliyə sahib olmaq, öncəgörücü olmağa ehtiyac yoxdur. Avropanın siyasət paytaxtında - Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü (ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan) Qərbin İrəvanın təhlükəsizliyinə dair vədlərə ehtiyatlı yanaşdığını bir daha göstərdi. Ermənistanın gələcək trayektoriyası üçün hərbi aspektlər və silahlanma xətti müzakirə masasına yatırıldığı bu görüş zamanı verilən bəyanatların ümumi məzmunu artıq hər kəsə bəllidir.
Hadisələrin ən kuliminasiya nöqtəsi bu qüvvələrin 4 illik kreditlə Ermənistana ayrılan kredit məbləğinin açıqlanması oldu. Məlum oldu ki, Ermənistana Avropa İttifaqından 330 milyon avro, ABŞ-dən isə 65 milyon dollar dəstək paketi ayrılması qərara alınıb. Əslində bu rəqəmlər görüşün mahiyyətini gizlətmək üçün edilən gedişlərdən biri idi desək yanılmarıq. Milyonluq yardım ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün əsl mahiyyətinin iqtisadi pərdələrlə örtülməsi üçün düşünülümüş addımlardan biri idi.
Brüssel danışıqlarında Cənubi Qafqazdakı geosiyasi gerçəklik və Azərbaycanın ərazi bütövlüyünün hüquqi nöqteyi nəzərdən müzakirə predmetinə çevrildiyi də gün kimi aydındır. Bu görüşdən əvvəl Qərbdən Bakıya gələn zənglər əslində baş altına qoyulan yastıq təsiri bağışlayırdı. Çünki Qərbin Ermənistana qoyduğu investisiyanın təhlükəsizliyini mühafizə edəcək ideyaları onun regionda hərbi möhkəmlənməsinə cəhdlərin elanından başqa bir şey deyildi. Qərb Rusiyanı heydən salmaq üçün bu dəfə açıq-aşkar Ermənistanı qurban verərək regionda Kremlə qarşı cəbhə açmaq planını işə saldı.
Reallıq isə olduğu kimi qalır: Bütün bunlar 44 günlük müharibədən sonra baş verməli olan geosiyasi dəyişikliklərin (Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması, regional kommunikasiyaların açılması) olmaması fonunda baş verir. 2020-ci ilin sonundan bəri dünyada, xüsusən də qonşu regionlarda vəziyyət tədricən dəyişib. Ukraynadakı müharibə, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və digər nəqliyyat logistikalarında yaranan çətinliklər dünya aktorlarının Cənubi Qafqaza diqqətinin bir xeyli artmasına gətirib çıxarıb. Çox aydın şəkildə görünür ki, bölgəyə yeni oyunçular diqqət yetirməyə, müdaxilə cəhdlərinə başlayıb.
Bütün bu proseslər Brüsseldə baş tutmuş ABŞ-Avropa İttifaqı-Ermənistan konfransında Ermənistanın sosial və iqtisadi sferada dəstəklənəcəyi barədə vədlərin verildiyi bir proseslər fonunda edilir. Qərb əsas hədəfin Ermənistanın Rusiyadan asılılığının azaldılması, bu istiqamətdə iqtisadi dayanıqlığının gücləndirilməsi olduğunu qəti gizlətmək fikrində deyil.
Gedişat deməyə əsas verir ki, hər şey təzədən başlayır. Ermənistanın Qərb macərasının bizə və regiona təsirləri növbəti mərhələlərdə daha aydın şəkildə hiss ediləcək.
Blinken və fon der Leyenin 5 aprel görüşündən öncə Bakıya zəng etmələri "balans siyasətinə" əməl etdiklərini göstərmək olsa da, bu sadəcə Azərbaycana "bizim oyunumuz Rusiyanın başındadır" mesajı vermək üçün atılan addım kimi də şərh edilə bilər. Amma rəsmi Bakıda da çox yaxşı bilir ki, Qərbin Ermənistana dəstəyinin hədəflərindən biri Rusiyanın Ermənistana təsirini zəiflətmək dayanırsa, Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək məsələsi də istisan edilə bilməz.
Paşinyan Qərbin Ermənistana dəstəyindən maksimum istifadə edib, Rusiyanı 30 il oynadığı rolda Qərblə əvəz etməyə çalışır. Bu, əslində heç də yeni deyil. Rəsmi İrəvanın hazırda "xoşuna gələn başqa bir kişiyə ərə getmək üçün ondan ayrılan qadın"a bənzəyir. Əslində isə Ermənistan üçün dəyişən ciddi bir proses yoxdur. Çünki Ermənistan yenə forpost rolunu seçir və bu, Paşinyanın şüurlu seçimidir.
Min ayının oyunu bir armudun başındadır! Amma bu dəfə deyəsən bütün oyunlar bir "ayının" pusquya salınaraq ondan yaxa qurtarılması üçün atılıb. Lakin bu böyük xəyanətə praktiki reaksiya verməyən Rusiya, eləcə də Cənubi Qafqazda tez-tez "qırmızı çizgisindən" bəhs edən İran nədənsə İrəvanın ikitirəliyini susqunluqla izləməsi ortaya bir çox suallar çıxarır.
Deyəsən, İrandan fərqli olaraq Ermənistanın addımlarına qarşı mütəmadi bəyanatlar səsləndirən rəsmi Moskva İrəvan ilə qarşılıqlı ittihamlarla ictimai qarşıdurmanı imitasiya edib, reallıqda isə bu, qarşılıqlı maraqları təmin etmək üçün planlaşdırılmış taktika abu-havasının yarandığını özü kənardan müşahidə edə bilmir.
Rusiya anlamalıdır ki, Ermənistanın bu gün regiondakı vəziyyəti qıəlizləşdirməyə hesablanmış istənilən addımı daha çox Kremldə hiss ediləcək. Çünki rəsmi Bakı son 4 ildə elə bir geosiyasi reallıq yaradıb ki, Avropa Azərbaycana olan ehtiyacının nə qədər yüksək olduğunun fərqində.
Aİ-nin bu ehtiyacı neft, qaz, o cümlədən alternativ enerjinin nəqliylə yanaşı Orta dəhlizin və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBDN) reallaşması ilə bağlıdır. Qərb yaxşı başa düşür ki, bu qədər yüksək imkanların əlində cəmləndiyi Azərbaycanla belə bir zamanda münasibətləri korlamaq, əlaqələri kəsib atmaq öz ayağına "sıxmaqdır". Bu səbəbdən də Avropa İttifaqı Azərbaycanın Orta dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması vacibliyini nəzərə alaraq rəsmi Bakı ilə dialoqu genişləndirmək yolunu seçəcəkləri gözləniləndir.
Azərbaycan isə formalaşdırdığı yeni geosiyasi reallıqlardan bəzi məsələləri tamamlamaq məqsədi ilə səmərəli istifadə barədə düşünür. Sözsüz ki, onlardan biri Ermənistanla yekun sülh sazişi məsələsini həll etməkdir. Sərhədlərin müəyyənləşməsi uzun prosesdir, “sülh müqaviləsinin” imzalanmasından sonra da danışıqlar davam edəcək. Buna baxmayaraq, rəsmi İrəvan müqavimət göstərmək niyyətindədir. İrəvan vəd etsə də, nədənsə 4 kəndin qaytarılmasını da gecikdirir. Bu isə bölgədə gərginliyi daha da artırır.
Ermənistanın yenə də sözü ilə əməli bir-birini təkzib edir. Nikol Paşinyan əgər düşünürsə ki, bu cür təxribatlarla, şərti sərhəddə Azərbaycan hərbiçisinə atəş açmaqla vəziyyəti gərginləşdirib, həm vəd etdiyi kəndləri geri qaytarmaqdan yayına biləcək, həm də yekun sülhə zərbə vuracaq, yanılır. Çünki Azərbaycan artıq 4 ildə bir neçə dəfə göstərdi ki, istəsə, istənilən ərazi problemini özü həll edəcək gücdədir və bunun üçün hər hansı bir addım atmaq qərarına gəlsə, onun qarşısını heç kim ala bilməyəcək.