Bu gün 1997-ci ildə ermənilərin işğal etdikləri ərazilərdə hərbi əməliyyatlar zamanı həlak olan Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyat qrupu üzvlərini anım mərasimi keçirilib.
Səkkiz kəşfiyyatçıdan yeddisi - Leytenant Ağayev Elxan Ataxan oğlu, leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, çavuşlar Rzayev Anar Üzeyir oğlu, Mustafayev Dinar İbrahim oğlu, Həsənov Aqşin Əli oğlu, Ələkbərov Nizami Səfi oğlu, Cavadov Fariz Şamil oğlu şəhid olub. Yeganə sağ qalan qrup üzü Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq hüşunu itirdiyindən düşmənə əsir düşüb. Sonradan əsirlikdən azad olunub, aldığı ölümcül yaralar səbəbindən hazırda ağır xəstədir. Neçə müddətdir müalicə oluna bilmir.Mərasimdə şəhidlərin ailə üzvləri, kəşiyyatçıların mənsub olduğu N saylı hərbi hissənin komandiri polkovnik Xətai Baxışov, Aqil Əhmədov, Qarabağ qaziləri birliyinin sədr müavini Firudin Məmmədov, hərbi jurnalist Üzeyir Cəfərov, hərbiçilər və digər insanlar iştirak ediblər.
Bu barədə Qaziler.az X.Baxışov məlumat verib.
“1997-ci il aprel ayında şəkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın (radioperexvat – red ) aparmışdıq.
Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər...Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız şəhid oldular! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik.” - deyə, X.Baxışov bildirib.
Qeyd edək ki, şəhid olan qrup üzvləri ölümlərindən sonra “Azərbaycan Bayrağı” ordeni ilə ilə təltif ediliblər.
Anım tədbirində iştirak edən şəhid anaları müvafiq dövlət qurumlardan narazılıqlarını dilə gətiriblər. Contact.az saytının anım tədbirindən yaydığı video və fotoları sizlərə təqdim edirik.