"Əsgəran qalasının yaxınlığında tapılan kütləvi məzarlıqda aşkarlanan insan qalıqlarının sayının artma ehtimalı var".
"Report"un məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kütləvi məzarlıq Xocalı soyqırımının yaxın iştirakçısı olan Beqlaryan Raşid Aramaisinin istintaq verdiyi ifadə əsasında aşkarlanıb:
"Məlumat verildiyi kimi, 90-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 92-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Beqlaryan Raşid Aramaisi barəsində istintaq olunan cinayət işi çərçivəsində ifadələrinin yerində yoxlanılması məqsədilə istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq qətlə yetirilməsi və meyidlərin həmin qalanın yaxınlığında basdırılması barədə məlumat vermişdi.
Bununla bağlı Dövlət Komissiyası ötən ilin oktyabr-noyabr aylarında qazıntı işlərinə start verib. Bu ilin fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən bu kütləvi məzarlıq aşkar edilib".
Qurum rəsmisi ərazidə aparılan qazıntı işləri zamanı insan qalırlarının artma ehtimalının olduğunu bildirib: "Araşdırma zamanı azı 8 nəfərə aid qalıqlar aşkarlanıb. Bundan sonra davam etdiriləcək axtarış işləri nəticəsində insan qalıqlarının artacağı istisna olunmur. Növbəti mərhələdə insan qalıqları eyniləşdirilmək məqsədilə aidiyyəti laboratoriyalara veriləcək və onların kimliyi müəyyən olunduqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək"..