Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 4500-dən çox məcburi köçkünün bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.
Qaziler.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri, icma əsaslı inkişaf layihələri həyata keçirilir.
Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakini Seyfəddin Ağalı, Laçın rayonunun Zabux kənd sakini Tahir Hüseynov və Tərtər rayonunun Talış kənd sakini Bəybala Aslanovun fikirlərinin yer aldığı videoçarxları təqdim edir.