Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Səriyyə Müslümqızının Azərbaycan və ingilis dillərində çap olunmuş “Dünya susmasın gərək” sənədli xronikasının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova açıb.
O, S.Müslümqızının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük işlər gördüyünü bildirib: “Bu gün Azərbaycan dövləti Xocalı hadisələrinin soyqırımı kimi tanınmasında böyük işlər görür. Artıq aparılan işlərin nəticəsində bir neçə dövlət Xocalıda törədilənləri soyqırım kimi tanıyıb. Ölkə rəhbərliyi, bir sıra ictimai təşkilatlar bu yöndə fəal iş aparırlar. Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir. Bizim əsas məqsədimiz bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdır. “Dünya susmasın gərək” kitabının elektron versiyası Xarici İşlər Nazirliyi tərəfindən bütün səfirliklərə göndərilib”.Millət vəkili Flora Qasımova, tarixçi alim Boran Əziz “Dünya susmasın gərək” kitabı barədə fikirlərini səsləndiriblər.
Qeyd edək ki, “Dünya susmasın gərək” sənədli xronikası Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən nəşr edilib.