Rusiya sülhməramlı kontingenti Laçın rayonunda daha bir müşahidə məntəqəsini ləğv edib.
"Report" bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.
Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir. Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.