Noyabrın 10-da Göyçay rayonunun Bığır kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzizov Qüdrət Bəhruz oğlunun xatirəsi anılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidin üçüncü ildönümünə həsr olunmuş mərasimində rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən və şəhid Qüdrət Əzizovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Qeyd edilib ki, şəhid Qüdrət Əzizov 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilib və noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.