Şəhid Azayev Sadiq Xubyar oğlu Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb. Üç bacının bir qardaşı olan Sadiq 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Sadiqin uşaqlığı dağlarda, at belində keçib. Atasının tüfəngini fürsət tapdıqca götürüb, güllə atarmış. Aslan Aslanov adına orta məktəbdə təhsil aldıqdan sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Cəsarətli Sadiq 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Beyləqan rayonunda Haramı düzündə 3 ildən çox xidmət edib. Vətən müharibəsinə komandir kimi qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə şəhadətə ucalıb. Silahdaşlarının sözlərinə görə, Sadiq onları mühasirədən çıxarıb, özü isə şəhadət şərbəti içib.
Şəhidin bacısı Mələk Yunusova bildirib ki, qardaşı haqqında danışmaq həm asandır, həm də çətin:
“O sıradan, yaşıdları kimi uşaqlıq yaşamayıb. Evdə onu axtaranda atın belində meşədə tapırdıq. Gözündə heç vaxt qorxu olmayıb. 3-cü, 4-cü sinifdə oxuyanda kotanla öküz sürürdü. Uşaqlıqdan kişi kimi mərd böyümüşdü. Bununla yanaşı çox da səmimi idi. Hansı evə yad girsə, o evdən doğma çıxırdı. Dostcanlı, zarafatcıl, idi. Məktəbi yaxşı oxumayıb, amma ki, həyatı elə gözəl öyrənmişdi ki... Hər bir şeylə maraqlanırdı. Sadiqin həyatı elə olub ki, ondan kino çəkilər”.
Döyüş yoldaşı qeyd edib ki, Sadiq yeganə insan olub ki, minamyotu səngərin içində qoydurub, ermənilərə atıb: “Döyüş vaxtı bizi ayırdılar, aramızda 100 km. məsafə vardı. Deyirdi ki, qoyma, əsgərlərə nə isə olsun”.
Şəhidin bacısı deyir ki, o, müharibə zamanı ailəsi ilə danışmayıb: “Fikri bizdə qalar, kövrələrik deyə əlaqə yaratmırdı. Təkcə bibim oğlu ilə əlaqə saxlayıb. Son dəfə deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam. İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın. Dediyi kimi də olub. Çox şücaətlər göstərib. Qardaşımgilin yaxınlığında digər posta düşmən basqın edib, mühasirəyə salıb. O, təkbaşına çıxıb və ordakıların köməyinə yetişib. Ona deyiblər ki, getmə, onların vəziyyəti çox pisdir. 20-dən çox əsgəri ölümdən qurtarıb. Özü isə şəhid olub”.
Sadiqin həyatını xilas etdiyi silahdaşlarından biri nəql edir: “Mən yaralananda Sadiq başımın üstə durub, qışqırırdı ki, təxliyə harda qaldı axı? Onun səyi nəticəsində yardım gəldi, məni çıxartdılar. Heç vaxt yadımdan çıxmaz. Sadiq gəlməsə, bizi minamyotla vuracaqdılar və heç birimiz sağ qalmayacaqdıq”.
Minamyotçu ermənini və daha bir neçəsini vurub. Özü isə açıq, üzbəüz döyüşdə, neytral zonada 6 metrlik məsafədən başından güllə yarası alıb. Bunlar onun döyüş yolunun sadəcə cüzi hissəsidir. Hamı deyir ki, Sadiq əvəzolunmaz insan idi. Döyüş yoldaşlarına, əsgərlərinə qarşı həssaslığı hər adamda olan bir xüsusiyyət deyil. Əsgərləri şəhid olmasın deyə özünü sipər edib.
Sadiq Azayev ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.