Təqvimimizə qızıl hərflərlə yazılan tarix - Zəfər bayramı

Təqvimimizə qızıl hərflərlə yazılan tarix - Zəfər bayramı backend

Azərbaycanın yenidən günəş kimi doğduğu, bütün dünyaya bir xalq, ordu, dövlət olaraq həmrəy şəkildə nəyə qadir olduğunu göstərdiyi tarixi günləri yaşayırıq. Əzəl gündən əraziləri işğala məruz qalan, işğallarla tarixi torpaqlarını itirə-itirə kiçilən Azərbaycan nəhayət o qara zolaqdan çıxmağı bacardı.

Bəli, bu gün 30 illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın işğal siyasətinə "dur!" deyərək, dünyanın göz yumduğu, beynəlxalq ədalətin lazımı səviyyədə işləmədiyi, ikili standartların hökm sürdüyü bir dövrdə haqq-ədaləti öz gücümüz hesabına bərpa edərək bizi dünyanın xoşbəxtinə çevirən Zəfər müjdəsini verdi.

44 günlük Vətən müharinəsindəki tarixi Zəfərimiz nəyinki Ermənistanın, Azərbaycana qarşı olan bütün qaragüruh qüvvələrin bostanına atılan daş oldu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Bu qələbə ilə Azərbaycan separatizmin kökünü kəsmək istiqamətində önəmli addım atdı.

İkinci Qarabağ müharibəsindən cəmi 3 il sonra isə Azərbaycan 23 saat 43 dəqiqəlik lokal antiterror tədbiri ilə bölgəni tamamilə separatçılardan, qondarma rejim qalığından təmizləyərək, daha böyük bir gözlənilməzi reallaşdırdı. Artıq Azərbaycan xalqı, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız güclü Azərbaycanla fəxr edir, onun regionda yaratdığı yeni geosiyasi reallığı hər an hiss edə bilir. Bütün bu uğurlu təqvimlər Ordumuzun qəhrəmanlığı, onların misilsiz və danılmaz şücaəti hesabına olsa da bu şanlı qələbələrin əsas memarlarından biri məhz Ali Baş Komandan İlham Əliyev oldu.

Onun istər informasiya savaşında, istər diplomatik müstəvidə, istərsə də hərbi anlamda düzgün, zamanında atdığı addımlar, verdiyi qərarlar bu müharibənin taleyini böyük anlamda xeyirimizə həll etməkdə olduqca əhəmiyyətli oldu. Məhz 200 ildən çox bir müddətdə 2020-ci ilin sentyabrına kimi ərazilərini itirə-itirə gələn Azərbaycan nəhayət işğal edilmiş torpaqlarını düşmən tapdağından azad etməyə müəssər oldu.

Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir.

Ən əsası isə qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda "Dəmir yumruq" kimi birləşdirdi. Belə bir məşhur deyim var: ordu güclü olsa da, ona rəhbərlik edən sərkərdə zəifdirsə, həmin ordu məğlub olacaq. Amma biz Ordu, Ali Baş Komandan, Xalq vəhdətinin şahidi olduq. Bu da qələbəmizi tezləşdirən əsas məqamlardan biri oldu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan "münaqişənin hərbi həlli yoxdur" tezisinin yanlış olduğunu sübuta yetirdi.

8 noyabr 2020-ci il, Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir, keçmiş qaçqın və məcburi köçkünlərimiz artıq öz dədə-baba yurdlarına qayıdırlar.

Ölkəmiz indi regionun inkişafında, təhlükəsizliyində, sülh içində yaşamasında maraqlı olan əsas aktor olmaqla yanaşı, bölgənin əsas söz sahibi kimi də hər ötən gün öz nüfuzunu, gücünü və əlaqələrini möhkəmləndirir. Təbii ki, bütün bu nailiyyətlərin arxasında bir güclü sərkərdəsi olan, Xalqının inamını hər an yanında hiss edən Ordunun qazandırdığı tarixi Zəfər dayanır.

 

 

Diaspora