Şuşa şəhərinin işğaldan azad edilməsinin 3 ili tamam olur.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
Dövlət başçısı müraciətində bildirib:“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: “Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı“Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur”, - deyə bildirmişdi.
Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.
Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.
Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.
Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 8 noyabr – Şuşa şəhəri günü kimi təsis edilib.
Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.
İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.
Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.