Növbəti 127 nəfər Ağalıya yola salındı

Növbəti 127 nəfər Ağalıya yola salındı backend

Oktyabrın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə bundan sonra da davam etdiriləcək.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları - şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

Diaspora