Qələbəyə gedən yol sizdən keçdi...
Polkovnik-leytenant Etibar Camalov...
Kəşfiyyat rəisi Etibar Camalov...
Qazi Etibar Camalov...
Mən Etibar Camalov haqda bir neçə dəfə yazmışam. Onunla Şəhid mərasimində tanış olmuşdum. Vətən müharibəsində göstərdiyi şücaət haqqında dostlarından, Qazilərimizdən məlumat almışdım. İlk baxışdan sadə, təvazökar görünən bu insanın daxilində sanki başqa bir adam yaşayır. Sakit, qaradinməz, itibaxışlı, ciddi görkəmi və sərt xarakteri onu bir zabit olaraq tərənnüm edir. Bütün bunların cəmində gözlərimiz önündə Azərbaycan Ordusuna öz adını qəhrəmanlığı ilə yazmış bir qəhrəman döyüşçü, savadlı zabit, Vətən yolunda can qoymuş bir Qazi canlanır...
Etibar Camalov yüksək rütbəli zabitdir. Uzun illər Azərbaycan ordusunda xidmət edərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Və zaman elə gətirir ki, o hərbçi kimi bilik və bacarıqlarını işğal altda olan Qarabağımız uğrunda döyüşlərdə göstərir. Etibar 44 günlük Vətən müharibəsində ağır yaralanmağına baxmayaraq hospitaldan müalicəsini yarımçıq qoyub yenidən döyüşlərə qatılır və ikinci dəfə yaralanır. Onda olan ruh yüksəkliyi, bir zabitin Vətənə olan sevgisi səngərdə olan döyüş yoldaşlarına, gənc zabitlərə bir örnək olur.
Qələbəmizlə bitən şanlı Vətən müharibəsindən sonra Etibar Camalov cənab prezident İlham Əliyevin sərəncamıyla "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" ordeni, "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Etibar sonuncu antiterror əməliyyatında da iştirak etdi. O, zabit olaraq daim Vətənin keşiyində olmaqdan qürur duyur...
Artıq bu gün Qarabağımız mənfur erməni düşmənlərindən təmizlənir. Sonuncu erməninin Qarabağı tərk etməsinə sayılı günlər, bəlkə saatlar qalıb. Və biz bu qələbəmizə görə xalqı öz ətrafında birləşdirdiyinə görə Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, Şəhidlərimizə və Etibar Camalov kimi igid oğullarımıza borcluyuq...
Vətən səninlə fəxr edir, Qazim!
P.S.Təqdim olunan şəkillər Sərsəngdə çəkilib.
Sevinc MURADXANLI
QAZİLER.AZ