Əsir hərbçilərimizin valideynləri ilə danışmalarının təfərrüatı - FOTO

Əsir hərbçilərimizin valideynləri ilə danışmalarının təfərrüatı - FOTO backend

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.

“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - deyə məlumatda bildirilir.

Modern.az əsirlərin yaxınları ilə əlaqə saxlayıb və onlar məlumatı təsdiq ediblər.

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova saytımıza açıqlamasında telefon danışığının dünən baş tutduğunu bildirib.

“Dünən danışdıq.  Adi zənglə danışdıq. Dedi - “yaxşıyam, inşallah, tezliklə vətənə gələrəm. Dua edin ki, evimizə gəlim”. 2-3 kəlmə mənimlə və bacısı ilə  danışdı. Soruşdu ki, “necəsiniz? Qardaşım necədir? Salam de, ona de sizə yaxşı baxsın”. Bacısı ilə danışdı, o da ağladı, bacısı da. Dedi - “dua edin, darıxmayın”.

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da oğlu ilə danışıb, az da olsa, sevindiyini bildirib.

“Görüntülü danışmadıq, təəssüflər olsun ki, səsli danışdıq. Deyirlər, iki dəfə danışmısınız, çəkib paylaşmısınız. Problem yaratdılar, bizə görüntülü şəkildə göstərmədilər. Ana balasının səsini eşidəndə az da olsa rahatlayır. Əsas odur, balalarımızı qaytarsınlar. Gecəmiz, gündüzümüz göz yaşıdır. Həmişəki kimi oradan deyir ki, “ana yaxşıyam, siz yaxşı olun”. Zarafat da elədi ki, “ana, evə gələndə nə alım?” - anasının üzü gülsün deyə. Mən ümid edirəm, tez qayıdarlar.

Şükür səsi yaxşı gəlirdi. Dedi - “siz yaxşı olun, mən yaxşıyam. Burada köməklik edirlər, gələcəyəm”. Rahat danışdı, bizi də rahatlaşdırdı. Dedi - “bacımın yanında ağlamayın, uşaqdır, pis olar”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar, onlar həbs ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.

Diaspora