1993-cü ildə itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.
Əsəd Məmmədov 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.
Qalıqları tapılan şəhid hərbçimiz Əsəd Məmmədovun oğlu Mehman Məmmədov Modern.az-a danışıb:
O, atasının qalıqlarının tapılması barədə xəbəri televiziyadan eşitdiyini bildirib:
“30 ildir ürəyimiz daş kimi idi. Xəbəri ilk televiziyadan öyrəndik, sonra zəng edib məlumat verdilər. Əlim, ayağım əsirdi...”
Mehman Məmmədov atasız keçən illərin ailələri üçün çətin olduğunu vurğulayıb.
“Anamın ağlamaqdan gözləri tutulub. Qoca nənəmiz var, oğul dərdindən, ağlamaqdan onun da gözləri görmür. Xalası da xəbəri eşidəndən sonra ürəyi dayandı, öldü. Biz 30 ildir atasız, yara ilə böyümüşük. Ata deyiləndə mən qaçıram. Boynubükük böyümüşük biz”, - deyə Mehman Məmmədov qeyd edib.