Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Abdullayev Nurəli Hacıbaba oğlunun nəşi Suraxanı rayonu, Bülbülə qəsəbəsində dəfn olunub.
Apa xəbər verir ki, əvvəlcə şəhidlə evində vida mərasimi keçirilib.
Daha sonra şəhidin cənazəsi Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına gətirilərək dəfn edilib.
Şəhidin qardaşı Hacıəli Abdullayev 31 il ərzində Nurəlini axtardıqlarını deyib: "Bu illər ərzində çox yerə getdik, çox müraciətlər etdik. Bu yaxınlarda bizə xəbər gəldi ki, qardaşımın qalıqları tapılıb. Bizdən DNT testi də götürmüşdülər. Atam, anam, bacım elə qardaşımın həsrəti ilə öldülər. Atamın vəfat eləməzdən qabaq gözləri tutulmuşdu".
O, qardaşının döyüşlərdə könüllü iştirak etdiyini bildirib: "Özü getmişdi könüllü. Evlənməmişdi. Deyirdi, birdən qayıtmaram, ailəm başsız qalmasın".
Xatırladaq ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib.
Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub.
O, Kərkicahanda, Goranboyda olan döyüşlərdə iştirak edib.
"Daşaltı əməliyyatı"nda iştirak edərkən isə itkin düşüb.
Qeyd edək ki, bir müddət öncə kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. Siyahıya əsasən, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşüb.
***
12:21
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Abdullayev Nurəli Hacıbaba oğlunun cənazəsi Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər Xiyabanına gətirilib.
APA xəbər verir ki, dəfndə hökumət nümayəndələri və mərhumun yaxınları iştirak edir.
Abdullayev Nurəli Hacıbaba oğlu Bakı şəhəri Suraxanı rayonunda anadan olub. O 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndində itkin düşüb.