Ərazisi üç dövlət arasında bölüşdürülən Azərbaycan mahalı - VİDEO

Ərazisi üç dövlət arasında bölüşdürülən Azərbaycan mahalı -  VİDEO backend

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinə, ərazi-inzibati dəyişikliklərinə məruz qalan tarixi ərazimiz - Vedibasar mahalı haqqında süjet hazırlanıb.

“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” adlı süjetdə ermənilərin XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün havadarlarının əli ilə özlərinin çirkin niyyətlərini həyata keçirdikləri bildirilir.

Qeyd olunur ki, XIV-XIX əsrlərdə inzibati ərazi kimi göstərilən Vedi mahalı İrəvan xanlığının tərkibinə daxil olub:

“1590-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Vedi nahiyəsində 57 kənd, 1728-ci ildə 31, 1828-ci ildə isə 21 kənd mövcud olub:

“1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində mahalın 54 kəndindən 33-ü dağıdılaraq viran qoyulub. 1828-ci ildən etibarən Vedi çar Rusiyasının işğalı altına keçib və bura 1830-cu illərdə İrandan 500 erməni köçürülüb”.

Diqqətə çatdırılır ki, etnik baxımdan bu yerlərin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub:

“1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan, eləcə də Suriya, İraq, Livandan bura ermənilər köçürülüblər. Burada 1922-ci ildə 1504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254  azərbaycanlı, 214 erməni yaşayıb. 1972-ci ildə burada ümumi 5 624 azərbaycanlı və erməni yaşayıb. 1988-ci ilin noyabr ayında azərbaycanlılar məcburən deportasiya edildikdən sonra burada yalnız ermənilər yaşayırlar”.

Verilişdə mahalın ərazisinin Ermənistan, Azərbaycan və Türkiyə arasında bölüşdürüldüyü vurğulanır, hazırda Vedinin 17 kəndindən köçmüş insanların Azərbaycanın müxtəlif  bölgələrində, həmçinin İğdırın Taşburun kəndində yaşadıqları, doğma yurd-yuvalarına qayıdışı səbirsizliklə gözlədikləri də vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Diaspora