Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılovla Şamaxının Göylər kəndində yaşadığı evdə vida mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, mərasimdə yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin anası Mələksuma Mikayılova Oxu.Az-a açıqlamasında bildirib ki, oğlu Baba döyüşlərə könüllü gedib:
“Qarabağa getmək üçün bizdən gizli ordu sıralarına yazılmışdı. Daha sonra bir dostu dedi ki, Baba artıq Qarabağdadır. İnanmadım. Daha sonra orada yaralandı və evimizə gəldi. Dedi ki, sağalıb yenə Qarabağa gedəcək. Mən, bacı-qardaşları yalvardıq ki, daha getmə. “Ana, orada qadınların kürəyinə samovar bağlayırlar. Axı mən necə qalım?” - dedi və qaçıb getdi.
Kürəyində meyit daşıyırdı. İgid oğlan idi oğlum Baba. Allahdan arzum o idi ki, olduğu yerdən mənə bir ovuc torpaq gəlsin”.
O qeyd edib ki, iki ay əvvəl oğluna görə qurban kəsdirib:
“Hiss edirdim ki, Babam gələcək. Sevinirəm və Allaha şükür edirəm ki, övladım özü evimə gəldi”.