Ermənilər bütün vasitələrlə sülh danışıqlarının alınmaması üçün təxribatlar törədirlər. Ya ard-arda şərti sərhəd hissəsində atəşkəsi pozurlar, hətta bu zaman artilleriyadan istifadə etməkdən, diversiya qrupları göndərməkdən çəkinmirlər, ya da ki, Qarabağdakı separatçılar fəallıq nümayiş etdirirlər. Ermənilər bir az da irəli gedərək hətta xarici ölkələrin mülki təyyarələrinin belə radiodalğalarla siqnallarını pozurlar. Qısacası müxtəlif ağılagəlməz, beynəlxalq hüquqla cinayət hesab olunan əməlləri ard-arda sıralayırlar. Onları belə əl-qol açmağa sövq edən vaxtilə törətdikləri soyqırımı, separatizm, işğal, terror kimi cinayətlərinin cəzasız qalmasıdır.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli söyləyib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin ikibaşlı oyun oynadığını deyən E.Həsənli fikirlərinə belə davam edib: “Yüksək tribunalardan baş nazir Nikol Paşinyan səviyyəsində çıxışlar edərək bir tərəfdən guya ki, danışıqlara hazır olduqlarını, sülhün əldə edilməsinə çalışdıqlarını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Digər yandan isə təxribatçı əməllərdən əl çəkmirlər. Maraqlıdır ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsinə yönələn çıxışlar və bəyanatlar tez-tez dəyişir. Belə ki, Paşinyan Rusiyada bir cür, ABŞ və digər ölkələrdə başqa cür danışır. Onun danışıqları bir-birinə ziddiyyət təşkil edir. Həmçinin ölkənin parlament və hökumət iclaslarında, jurnalistlərlə, diaspora fəalları ilə görüşdə fərqli fikirlər səsləndirirlər. İndi də Qafan aeroportunun açılması anonsu verirlər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan sərhədlərini keçəcəkləri halda biz haqlı olaraq da buna reaksiya verəcəyik. Ona görə dünya birliyinin siyasətini çaşdırmaq və guya Ermənistanın mülki əhalisinin əziyyət çəkdiyi görüntüsünü yaratmaq niyyəti ilə yeni təxribat mövzusu irəli atırlar. Necə ki, bir müddətdir Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfindən dırnaqarası “humanitar böhran”a məruz qoyulduğu barədə dünyaya car çəkirlər. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında dəqiq faktlar və fotoşəkillərlə Ermənistanın yalanlarını alt-üst etdi və onların həmin saxtakarlıq siyasəti ifşa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Ermənistanı həm diplomatik masada, həm də hərbi məkanda məğlub edir. Ona görə ermənilər ucuz və cılız yollara əl atır, beynəlxalq ictimai fikri çaşdırmaq üçün müxtəlif media qurumlarında Azərbaycan əleyhinə təxribat xarakterli yazılar yazmağa çalışırlar. Onların bu acizanə əməlləri ictimai rəyin fikrini azdırmağa xidmət edir. Lakin Azərbaycan dövləti çox uğurlu xarici siyasəti nəticəsində bunların hər birini darmadağın edir. BMT-dəki son müzakirələr də onu göstərdi ki, Ermənistan bu istiqamətdə heç nəyə nail olmayacaq. Onların yeganə yolu sülh müqaviləsini imzalamaqdır. Ağıllarını başlarına yığmasalar, vəziyyət onlar üçün daha da ağır olacaq”.