Xaçmazlı döyüşçünün ailə üzvləri: Otuz bir il sonra şəhid qardaşımıza qovuşacağıq

Xaçmazlı döyüşçünün ailə üzvləri: Otuz bir il sonra şəhid qardaşımıza qovuşacağıq backend

Torpaqlarımız işğaldan azad olunandan sonra özümə söz vermişdim ki, gedib Şuşadan, qardaşım şəhid olan yerdən bir ovuc torpaq gətirib, onun üçün qəbir düzəldəcəm. Amma ötən gün bizə 31 ildir yolunu gözlədiyimiz qardaşımız Adil Niftəliyevin qalıqlarının tapıldığı xəbərini verdilər. İndi hamı bizə gözaydınlığı verir. Nəhayət gözümüz yollardan çəkilər. Yaxın günlərdə qardaşımızın qalıqlarını doğma kəndində torpağa tapşıracağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu sözləri Birinci Qarabağ müharibəsində Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 sonra aşkarlanan şəhid Adil Niftəliyevin bacısı Qızılgül Niftəliyeva söyləyib.

Niftəliyev Adil Kamal oğlu 1966-cı il iyulun 24-də Xaçmaz rayonunun Kiçik Baraxum kəndində dünyaya göz açıb. Dörd qardaşdan ən kiçiyi olan Adil hərbi xidmətdən sonra Bakıya gedərək Biləcəri qəsəbəsində dəmiryolçu kimi çalışmağa başlayıb. Birinci Qarabağ müharibəsi başlayanda isə könüllü cəbhəyə yollanıb. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

“Qardaşım haqqında xəbəri 31 il sonra aldıq. Bizə bildirildi ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından bəzilərinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri də mənim qardaşım Adil Niftəliyevdir. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsində bizim ailə üzvlərimizlə görüş oldu. Yaxın günlərdə qardaşımın qalıqları gətirilərək kənd qəbiristanlığında dəfn olunacaq. Biz nəhayət 31 il sonra şəhid qardaşımıza qovuşacağıq. Bu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə sayəsində mümkün oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhid qardaşı Tofiq Niftəliyev bildirib.

Niftəliyevlər ailəsi bu gün Xaçmaz Şəhidlər xiyabanında şəhid Adil Niftəliyevin xatirə lövhəsini ziyarət edib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan bütün Vətən oğullarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə avqustun 18-də Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

Bildirilib ki, onlar Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağı oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayılov Baba Balakişi oğludur.

 

 

Diaspora