Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələri Ağdama səfər ediblər.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, səfərdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi iştirak edib.
Səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verib.
Bildirib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib.
Məlumat verilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir. Azərbaycan Ermənistan istiqamətində də dəmir və avtomobil yolları çəkir. Bu, onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Azərbaycan Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə yanaşı, nəqliyyat imkanları baxımından daha sərfəlidir. Yol, həmçinin yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrastruktur sisteminə çıxışını təmin edir.
Qonaqlara məlumat verilib ki, Azərbaycan Qarabağdakı erməni sakinlərinə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndinə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən, bundan 24 saat sonra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin Azərbaycan bu yoldan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton sədlər quraşdırmağa başladılar. Daha sonra isə ermənilər Azərbaycanı guya yolları bağlamaqda ittiham etməyə başladılar. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda bildirdi ki, Ermənistan yolları bloklayır, Azərbaycan isə avtomobil və dəmir yollarını açır.
Qeyd olunub ki, reinteqrasiyanı alternativsiz yol hesab edən Azərbaycan Qarabağdakı erməni sakinləri öz vətəndaşları kimi görür, onların hüquqlarını və öhdəliklərini öz Konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq, Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda, bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına da mənfi təsir göstərir. Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ bu gün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. İyirmi beş il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsi masa üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurası cəsarət tapıb Azərbaycanın torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma bu gün Ermənistanın qaldırdığı məsələ müzakirəyə çıxarılır.
Diqqətə çatdırılıb ki, müzakirələr hər zaman açıq olan Azərbaycanın arqumentləri və mövqeyi hüquqi, siyasi, hətta mənəvi baxımdan da kifayət qədər əsaslıdır. Ağdamda və Azərbaycanın digər şəhərlərində törədilmiş bu qədər dağıntıdan sonra Ermənistanın Azərbaycan xalqından və dövlətindən üzr istəmək əvəzinə, belə bir təbliğatla məşğul olması məsələnin mənəvi tərəfinin önəmini ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması prosesini dəstəkləyir. Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiy müzakirə etmək üçün onları iki dəfə - bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv yanaşmasını davam etdirərək, bu dəvətlərdən boyun qaçırıb. Bütün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana çatdırılmalıdır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verən tərəfdaşlar - Avropa İttifaqı, Rusiya, ABŞ da danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaşdırılması prosesinə, danışıqlara dəstək verməlidir. Azərbaycan bu məsələlərin müzakirəsinin digər yerlərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Bu yol istənilən humanitar yükün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda, ehtiyac duyulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər.
***
11.14
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayır.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.
Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Diplomatların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.