İyulun 23-ü doğum günü idi Birinci Qarabağ müharibəsinin şəhidi Raufun. Düz 31 ildir 19 yaşında qalan Şəhidimizin 50 yaşı olurdu. Bacıları, qardaşları, qohumlar yığışmışdıq məzarının başına.
Sağlığında olduğu kimi kədərli, məhzun baxışlarla “süzürdü” gələnləri...
...Səndən yazmaq heç asan deyil. Taleyin o qədər kədərlidir ki, haqqında düşünəndə belə adamın gözləri dolur.
Sənsiz olan bu 50 yaşın içinə sığışan yaşadığın 19 ilin əvvəlindən başlayaq...
3 aylığından yetim qalan körpə...
Rauf Alıyev 1973-cü ilin 23 avqustunda Zəngəzur mahalının Qafan rayonunun Siznək kəndində İsmayıl kişi ilə Zabitə ananın ailəsində doğulmuşdu. Sonbeşik idi Rauf. Tale 3 aylıq Raufa və ondan böyük qardaş-bacısına ilk ən böyük zərbəsini vurur. Anaları Zabitə 1973-cü ilin noyabrın 23-də, 34 yaşında qəflətən dünyasını dəyişir. Anasız qalan körpə Raufun faciəsi beləcə başlayır...
19 illik ömrün Qubadlıda keçən illəri
5-ci sinifdə oxuyanda Qubadlıda yaşayan, bibisi oğlu ilə ailəli olan böyük bacısı Leyla onu yanına aparır, analıq edir. İnsafən, bibisi və həyat yoldaşı, onların övladları Raufla çox yaxşı rəftar edir, ondan sevgilərini əsirgəmirlər. Raufdakı istedadı görüb onu musiqi məktəbinin tar şöbəsinə də qoyurlar...
Gözəl tar çalardı. Həyatın ironiyasına bax ki, tarda tez-tez “Xatırla məni” ifa edər, bəzən gözləri yol çəkərdi...
Əsgərlik həyatı, Xocalı faciəsi, Aterk döyüşü
Əsgərlik yaşı çatanda Bakıya gəlir. Xidməti Bakıda idi. Amma Xocalı faciəsi onu dərindən sarsıdır. Könüllü olaraq cəbhəyə yollanır. Xocalıda erməni faşistlərinin qətlə yetirdiyi dinc əhalinin meyitlərini daşımaq üçün o da Xocalıya gedir. Və bu, ona ağır təsir edir.
Sonra...Sonra naməlum Aterk döyüşü və bir çox azərbaycanlı əsgər kimi Raufun da həyatının sonu...İnsanlıqdan nəsibini ala bilməyən, zalım, alçaq ermənilərin növbəti vəhşiliyi.
Haşiyə: Keçmiş Aterk kəndi – indi Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır.
Bacısı Leyla:
“1992-ci ilin yanvarında getdi, avqustda dedilər ki, itkin düşüb. Həmin ilin fevralında Xocalıda baş verən faciə zamanı həlak olan xocalıların cəsədlərini o ərazidən çıxarmağa getmişdi. Gözü ilə gördükləri yaman sarsıtmışdı onu.
Ağdərə uğrunda döyüşə könüllü getmişdi. 19 əsgərin cəsədi tanınmaz halda olub. Dedilər ki, ermənilər yandırıb. Yəni Raufun cəsədini biz gözümüzlə görməmişik. Gətirib Şəhidlər xiyabanında dəfn etmişdilər. 19 naməlum məzar idi. Dedilər bunlardan biri Raufundur; birini seçin, adını üstünə yazaq. Atam seçmişdi o məzarı”.
Qardaşı Ramiz deyir ki, Raufun ölüm kağızını bizə 1992-ci ilin avqustunda verdilər. Dedilər ki, Ağdərədə döyüşə girən əsgərlərimiz mühasirəyə düşüb şəhid olublar.
“Rauf ölməyə bilərdi. Yəni Bakıda qulluq edirdi, cəbhə bölgəsində deyildi. Amma Xocalıda gördükləri onu dəhşətə gətirmişdi. Ona görə könüllü getdi döyüşə...”
Ramiz qardaşının axtardıqları vaxtları xatırladı:
"Raufun itkin düşdüyü haqda xəbərdən sonra xəstəxanaları axtarırdıq ki, bəlkə yaralıların içində tapa bildik. Gəncəyə getmişdim. Xəstəxanada tibb bacısı Alıyev Rauf İsmayıl oğlu adlı hərbçinin müalicə aldığını deyəndə elə sevinmişdim ki. Qadın həmin hərbçini əlil arabasında gətirənə qədər olan zaman kəsiyində mən nələr yaşadım. Uzaqdan tibb bacısının əlil arabasında gətirdiyi yaralının qardaşım Rauf olmadığını görüncə qəlbimdə baş qaldıran ümidin son zərrəsi də söndü".
Şəhid qardaşı bir müddət əvvəl onlardan DNK analizlərinin götürüldüyünü, hələ bununla bağlı bir məlumat verilmədiyini bildirir.
Şəhidlər xiyabanı
Onun doğum günündə məzarının başına toplaşdıq. Məzar "çəkməsə" belə onun şəkli, onun xatirəsi kövrəltdi hamını. Ona analıq edən Leyla göz yaşlarını saxlaya bilmir, hönkürtü ilə ağlayır, ovuna bilmirdi...
Məzarına əklil qoyulmuş, sinə daşına qərənfillər düzülmüşdü. Doğum günündə Raufun ruhuna dualar oxundu, böyük qardaşı Əlinin evində Şəhidin adına ehsan süfrəsi açıldı...
İynə ucu boyda ümid
Leyla, qohumlardan bir neçəsi də məzarın onları çəkmədiyini deyir. Yəqin ki, o məzarda uyuyan Rauf deyil. (O olmasa da, bir başqa Şəhidimizdi. Böyük ehtimalla həmin vaxt Raufla birgə döyüşdə olan digər hərbçimizdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!) Bəlkə başqa məzardadı Rauf. Bəlkə...Bəlkələr yorur insanı.
Amma...
Bir neçə il əvvəl gənc oğlunu və kürəkənini də itirən Leyla Raufdan ümidini üzməyib hələ də. Zərrə ümidə sığınaraq: “Onlardan əlimi üzmüşəm, ay Rauf, heç olmasa sən gəl çıx, bir möcüzə olsun”, - deyir...
Ümid ən son öləndi...
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Arzu Səlim