Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iyulun 23-də sonuncu – üçüncü sessiyası işə başlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Forumun “Təhlükəsizlik məsələləri” adlı sessiyasında “TRT World”un aparıcısı Reagen Des Vignesin moderatorluğu ilə jurnalistlərin təhlükəsizliyi məsələləri müzakirə olunur.
Forumda bu sessiya üzrə iştirakçılar böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar “münaqişə jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirə aparırlar.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.