"Ana, Şuşa alınana qədər buradayam" - Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günüdür

"Ana, Şuşa alınana qədər buradayam" -  Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günüdür backend

İyulun 19-u Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın anım günüdür.

Qaziler.az bildirir ki, Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə gedib.


O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.

Şuşa şəhərinin həbsxanasında olanların da qapısını açaraq azad olunmasında onun da xidməti olub.

Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi...

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub.

Anasına göndərdiyi məktubda yazılmışdı:

" Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…"

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edb.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.

1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Diaspora