Şuşanın azadedilmə əməliyyatının maketi Azərbaycan Hərb Tarixi Muzeyində sərgilənir

Şuşanın azadedilmə əməliyyatının maketi Azərbaycan Hərb Tarixi Muzeyində sərgilənir backend

Azərbaycan Hərb Tarixi Muzeyinin ikinci mərtəbəsində qırx dörd günlük Vətən müharibəsi zamanı Şuşanın azad edilməsində istifadə olunan döyüş yolları xəritə formasında hazırlanaraq muzeyin eksponatları sırasına daxil edilib. Belə ki, muzeyin əməkdaşları Xüsusi Təyinatlı Qüvvələrin öz danışdıqları əsasında Şuşanın dünya hərb tarixinə düşən azad edilmə əməliyyatını maket şəklində yaradıblar. Ordumuzun elit qüvvələri demək olar ki, heç bir topdan, tüfəngdən, odlu silahdan istifadə etmədən qayalıqlara dırmaşaraq Şuşanı azad ediblər.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işçisi Gülşəndə Mamedova deyib.

O, söhbətinə belə davam edib: "Xüsusi Təyinatlı Qüvvələrin mənsubları bizə məlumat vermişdilər ki, Ali Baş Komandan Prezident İlham Əliyevin göstərişinə əsasən Şuşa heç bir zərər dəymədən azad olunmalı, yəni şəhər dağıdılmamış formada xilas edilməli idi. Ona görə də hərbçilərimiz Şuşaya məhz belə bir əsrarəngiz əməliyyat taktikası ilə düşmənin gözləmədiyi yerdən, səssiz-səmirsiz daxil olublar. Onların bizə danışdıqlarına əsasən hazırlanan maket muzeyin ikinci mərtəbəsində saxlanılır. Elit qüvvələrimizin mənsublarının Şuşaya dağlardan necə daxil olmasını, döyüş yollarını maketdə işıqlarla göstərmişik. Həmin maket buraya gələn qonaqların böyük marağına səbəb olur".

Muzeydə ən maraq doğuran “Müasir dövr” zalıdır

Muzeydə ən maraq doğuran zallardan biri də ikinci mərtəbədə yerləşən və Qarabağ döyüşlərini əks etdirən “Müasir dövr” zaldır. Həmin zalda ordumuzun fəaliyyətini dolğun əks etdirən eksponatlar mövcuddur. Bura Silahlı Qüvvələrin qoşun növlərinə aid hərbi ləvazimatlar, Xocalı soyqırımına həsr olunmuş, o cümlədən PUA-ların maketi, Kəlbəcər döyüşləri, Aprel və Günnüt qələbələrinə dair stend və vitrinlər yerləşdirilib.

Xocalı faciəsinin canlandırıldığı maketdə ermənilərin şəhərə necə hücum etməsi, dinc əhalini necə mühasirəyə alaraq işgəncələrlə qətlə yetirməsi əks olunub.

“Müasir dövr” zalında, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş stend də sərgilənir. Belə ki, bu böyük tarixi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı dövrünə aid fotoşəkillər nümayiş olunur. Burada Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlərdən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından bəhs edən məlumat yer alıb.

Digər stenddə isə ermənilərin Füzuli rayon ərazisinə girərək orada törətdikləri vəhşiliklər təsvir edilib.

Kəlbəcər döyüşlərini əks etdirən stenddə 701 saylı briqadanın qəhrəmanlıqları nümayiş olunur

Kəlbəcər döyüşlərini əks etdirən stenddə 1993-cü il martın 26-da erməni silahlı birləşmələrinin ümumi sayı altı alaydan ibarət olan qüvvə ilə müxtəlif istiqamətlərdə rayona hücuma keçmələri barədə məlumat verilir. Qeyd olunur ki, düşmənin məqsədi işğal olunan ərazini genişləndirmək və Azərbaycana Xocalı qətliamından daha dəhşətli və ölümcül zərbə vurmaq idi. Həmin stenddə 701 saylı briqadanın rayonun müdafiəsində göstərdiyi qəhrəmanlıq barədə geniş şəkildə bəhs edilib.

Qeyd edək ki, muzeydə Aprel döyüşlərini göstərən ayrıca stend də mövcuddur. Məhz burada Azərbaycanın rəşadətli Ordusunun hərbi qulluqçularının Lələtəpə yüksəkliyində sancdıqları bayraq da əksini tapıb. Eyni zamanda, muzeydəki eksponatlardan ən maraqlılarından biri Aprel döyüşlərində şəhid olmuş zabitimiz Cavid Dədəkişiyevə məxsus olan şəxsi əşyalarıdır. Bununla yanaşı, muzeydə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyev, polkovnik-leytenant Sənan Axundova məxsus geyim nümunələri də var.

 

 

Diaspora