Qarabağı görməyən gənclərin Vətən müharibəsində cəsarət göstərməsinin səbəbi Vətən sevgisi, başımıza gətirilən müsibətləri görə-görə böyümələridir. İkinci Qarabağ müharibəsi başlayanda hər kəs sonadək getməyimizi və ərazilərimizin düşmən tapdağından azad olunmasını gözləyirdi. Hərbi qulluqçular yemədən-içmədən, yatmadan-dincəlmədən əzmlə döyüşürdülər. Məqsəd torpaqlarımızın işğaldan azad edilməsi idi. Biz hər şeyi Vətən üçün etmişdik. 44 günlük Vətən savaşında dünya Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinə şahidlik etdi. Vətən müharibəsində diqqətimi cəlb edən ən vacib məsələ gənclərimizdəki ruh yüksəkliyi və Vətən sevgisi idi. Həmin döyüşlərdə iştirak edən gənclər sanki illərdir bu anı gözləyirdilər.
Bu barədə Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Rüfət Məmmədov AZƏRTAC-a açıqlamasında söyləyib.
Azərbaycan Ordusunun inkişafı, görülən işlər barədə danışan Vətən müharibəsi iştirakçısı deyib: “Artıq üçüncü ildir ki, Silahlı Qüvvələr Gününü qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirik. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasındadır. Ötən 105 il ərzində Azərbaycan Ordusunda önəmli dəyişikliklər olması onun dünyanın ən güclü silahlı qüvvələri sırasında yer almasını şərtləndirib. Vətən müharibəsi bunun əyani sübutudur. Dünya hərb tarixində dörd il ərzində işğal olunan torpaqların 44 günə geri qaytarılması faktı qeydə alınmayıb.
Şuşanın azad olunması xəbərini eşidəndə qəhər məni boğmuşdu
İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu haqqında məlumat verən polkovnik-leytenant deyib: “Döyüş yolum Füzuli rayonundan başladı. Xocavənd rayonunun Hadrut qəsəbəsində - Tuğ kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralandım. İki gün Ağcabədi xəstəxanasında koma vəziyyətində oldum. Məni oradan Bakıya təxliyə etdilər. Şuşa azad olunanda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alırdım. Hətta indiyə qədər xatırlayıram ki, hospitalda həmin gün necə canlanma var idi. Mən isə həyəcandan qışqırdım. Məni qəhər boğmuşdu, sevincimdən ağlayırdım. Müharibədən sonra azad edilmiş ərazilərə, hətta yaralandığım Tuğ kəndindəki meşəyə getdim. Fəxr etdim ki, bu torpaqların alınmasında mənim də zəhmətim var. Orada qarışıq hisslər keçirdim, hətta kövrəldim də. Lakin həmin yeri görmək mənim üçün çox xoş oldu”.
Mühasirəyə düşsək də, düşmən xeyli itki verib geri çəkilməli oldu
Döyüş yolundakı maraqlı məqamlar barədə fikirlərini bölüşən Rüfət Məmmədov əlavə edib: “AZƏRTAC-ın əməkdaşı Mehrac Ağasiyevlə biz eyni istiqamətdə - Tuğ kəndi istiqamətində döyüşlərdə yaralanmışıq. Mühasirəyə alınmağımıza baxmayaraq, igid zabit və əsgərlərimiz sayəsində düşmən istəyinə nail ola bilmədi və hətta böyük itki verərək geri çəkildi. Yadımda qalan çox məqam var. Bir dəfə müharibə vaxtı əsgərlərlə gedəndə yanacaqdoldurma məntəqəsində erməni hərbi qulluqçusu avtomobilinə yanacaq doldururdu. O, bizi gördü və qaçmağa cəhd etdi. Lakin əsgərlərimiz ona atəş açdılar. O isə avtomobildən düşüb qaçmağa çalışsa da, hərbçilərimiz onun dalınca getdilər. Mən cəld addımlarla onların arxasınca gedərkən güllə səsləri eşitdim. Bunun mühasirə olmasından narahat oldum. Ancaq gəlib gördüm ki, əsgərlərimiz sağ-salamatdır və düşmən zabitini məhv ediblər”.
Qeyd edək ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə igid zabitimiz “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, eləcə də Azərbaycan Respublikası Prezidenti adından müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” medalları ilə mükafatlandırılıb.