Mətbuat Şurası AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmasını pisləyib

Mətbuat Şurası AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalmasını pisləyib backend

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir. Fransada peşə borclarını yerinə yetirən jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılması, onlara qarşı şiddət halları ilk dəfə deyil ki, baş verir. AZTV-nin əməkdaşları da belə bir hadisə ilə xidməti vəzifələrini yerinə yetirərkən - çəkiliş apararkən üzləşiblər. Müxbir və operator yüngül bədən xəsarətləri alıblar, eyni zamanda, onların çəkiliş kameraları əllərindən alınıb. Kameranı geri qaytarmaq cəhdləri nəinki səmərə verməyib, üstəlik media təmsilçiləri silahla hədələniblər.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının iyunun 28-də Fransada təzyiqə məruz qalması ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, təqsirkarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırır. Şura, həmçinin Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bildirir ki, AZTV-nin əməkdaşlarına qarşı nalayiq rəftar fundamental insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan söz və ifadə azadlığına qarşı basqıdır, informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır. Hadisəni törədənlər mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır ki, oxşar neqativ hadisələr tendensiya şəklini almasın, gələcəkdə yenidən təkrarlanmasın.

 

 

Diaspora