Ermənilərin belə təxribatları gözlənilən idi. Ona görə də Prezidentimiz çox ciddi şəkildə sülh müqaviləsinin imzalanmasını tələb edir. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, bu cür təxribatlar olacaq. Rəşadətli Azərbaycan Ordusu bu cür təxribatların cavabını həmişə verib və bundan sonra da verəcək.
Bunu AZƏRTAC-a Qarabağ qazisi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu iyunun 26-da Qarabağda törədilən erməni təxribatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, düşmən təxribatının qarşısı qətiyyətlə alınıb və ağır zərbə vurulub: “Düşmən yenə təxribat törədərsə, cavabını alacaq. Bəzi məlumatlara görə, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazırlıq gedir və belə olarsa, sərt və adekvat cavab olacaq, qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək. Necə ki, sentyabr döyüşləri, Fərrux, Sarıbaba əməliyyatlarında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Ali Baş Komandanımızın bildirdiyi kimi, düşmən atəş açacağı təqdirdə, atəş nöqtəsi susdurulacaq və nəzarətə götürüləcək. Belə də olmalıdır, başqa yol yoxdur”.
Qarabağ qazisi deyib ki, Ermənistan sülh istəmirsə, xoş rəftarı başa düşmürsə, "Dəmir yumruq" həmişə yerindədir. Onlar belə təxribatlar törətdikcə, başlarına yenəcək.
Rey Kərimoğlu son təxribatın Vaşinqtonda aparılan danışıqlar ərəfəsində törədilməsinin təsadüfü olmadığını vurğulayıb. “Ermənistan həmişə belə həssas məqamlarda təxribatlar törədir. Qarabağ problemi yaranandan bu günə qədər Qərb də, Rusiya da bu məsələdə öz maraqlarını güdürlər. Bu təxribat ermənipərəst və islamafob qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi qüvvələrin maraqlarına cavab verir. Otuz il idi problemin həllini uzadırdılar. Məcbur olduq BMT-nın qətnamələrini özümüz icra etdik. Bundan sonra da belə olacaq”, - deyə İctimai Birliyin sədri vurğulayıb.