Vətən müharibəsi şəhidi Elşən Musayevin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Elşən Musayevin doğum günündə xatirəsi anılıb backend

Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Musayevin doğum günü və Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi münasibətilə Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən N saylı hərbi hissəsində tədbir keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himnin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin təşkilatçısı Ruhiyyə Eldarqızı 105 yaşını qeyd edən Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında yer aldığını, Vətən müharibəsində dünya hərb tarixinə düşəcək döyüş taktikası nümayiş etdirdiyini söyləyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində görülən tədbirlər, hərbçilərimizin göstərdikləri misilsiz şücaət, xalqımızın həmrəyliyi Vətən müharibəsində şanlı Zəfəri şərtləndirən başlıca amillər olub. Üçrəngli Bayrağımızı canı-qanı bahasına 30 ildən sonra əzəli və əbədi torpaqlarımızda dalğalandıran Elşən Musayev kimi qəhrəmanların əziz xatirəsi unudulmayacaq, şəhidlərimiz hər zaman dərin ehtiram və minnətdarlıqla xatırlanacaq.

Hərbi hissənin komandiri polkovnik-leytenant Emil Kamalov Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyini Böyük Qələbənin təntənəsində qeyd etdiyini, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Müharibədə tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun peşəkarlığı və şücaəti sayəsində əldə edildi: “Təəssüf ki, müharibə itkisiz başa çatmır. Qələbəyə gedən yolda neçə-neçə qəhrəmanımız şəhid oldu. Hərbi hissəmizin hərbçiləri arasında da qəhrəmancasına şəhid olanlar var. Onlardan biri də doğum gününü qeyd etdiyimiz kiçik çavuş Elşən Musayevdir. Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan Elşən Musayev Cəbrayılın azad olunması uğrunda hərbi əməliyyatlarda şücaəti, qorxmazlığı ilə seçilib. Cəbrayıl azad olunduqdan sonra Füzuli rayonunun düşmən tapdağından xilas edilməsi uğrunda savaşan kiçik çavuş oktyabrın 30-da həmin rayonun Qorqan kəndində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid olmaq Elşənin ən böyük arzusu idi. Ən uca zirvəni fəth etmək arzusuna qovuşan Elşən adını 44 günlük qəhrəmanlıq salnaməsinə həkk etdirdi. Bu gün Elşən kimi cəsur Vətən oğullarının sayəsində biz əzəli və əbədi torpaqlarımıza ayaq basa bilirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Xalqımız Elşən Musayev kimi oğulları, qəhrəman döyüşçüləri heç zaman unutmayacaq, onların şərəfli həyat və döyüş yolu gələcək nəsillərə çatdırılacaq”.

Şəhidin həyat yoldaşı Mətanət Musayeva Elşənin torpaqlarımızın işğalı ilə barışmadığını və həlledici döyüşü səbirsizliklə gözlədiyini deyib: "Elşən şəhid olmağı arzulayırdı və bunu heç kimdən gizlətmirdi. Onun kimi qəhrəman döyüşçünün həyat yoldaşı olmaq böyük fəxrdir. Şuşa şəhərinə səfər zamanı ilk etdiyim iş əyilib şəhidlərimizin qanı ilə suvarılan torpaqlarımızı öpmək oldu. O torpaqların hər addımında Elşən kimi oğulların qanı var. Bizlər o torpaqlara ayaq basdıqca, həmin ərazilərimizi abadlaşdırdıqca şəhidlərimizin ruhu da şad olacaq. Çünki onlar da məhz bu amal uğrunda canlarını fəda etdilər. Bizim isə vəzifəmiz onların şücaətini nəsillərdən-nəsillərə ötürməkdir. Belə gözəl gündə - Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyində Elşəni unutmadığınız üçün hər birinizə minnətdaram. Ordumuzun hər bir mənsubunu təbrik edir, yeni-yeni qələbələr arzulayıram”.

Sonra tədbir bədii hissə ilə davam edib. İncəsənət nümayəndələrinin, o cümlədən şəhid və qazi övladlarının ifasında musiqi nömrələri və şeirlər səsləndirilib.

Vətənpərvərliyin təbliği işində fəal iştirak edənlər tədbirdə təltif olunublar.

 

 

Diaspora